
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Avropa İttifaqına üzv ölkələrin səfirlikləri ilə birlikdə və Milli Dənizkənarı Parkının administrasiyasının tərəfdaşlığı ilə “Avropa Şəhərciyi 2018” festivalı keçirəcəkdir. Tədbir bu il iyun ayının 2-də Bakının Milli Dənizkənarı Parkında (Bulvarda) təşkil olunacaqdır.
Avropa Şəhərciyi 2013-cü ildən etibarən ardıcıl olaraq bütün əhali üçün açıq ictimai məkanda keçirilən möhtəşəm bir ailəvi tədbirdir.
Festivalın keçirilməsinin məqsədləri azərbaycanlı gəncləri Avropa xalqlarının mədəniyyəti ilə tanış etmək, Avropa ilə Azərbaycan arasındakı münasibətləri inkişaf etdirməkdir. Festivalda Avropanın 22 ölkəsi ziyarətçiləri öz tarixi, mədəniyyəti, mətbəxi və turizm imkanları, eləcə də Avropada təhsil imkanları ilə tanış edəcəkdir.
Bir gün davam edəcək bu festivala heç kəs laqeyd qala bilməyəcək, belə ki, “Avropa Şəhərciyi” festivalı çərçivəsində uşaq və böyüklər üçün çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual səyahət, milli rəqs və karaoke ifaları, feys-art, şahmat yarışı və s. təşkil olunacaqdır. Müsabiqə və viktorinaların qaliblərini isə xüsusi hədiyyələr gözləyir! “Avropa Şəhərciyi 2018” festivalının səhnəsində uşaqdan tutmuş böyüyə kimi hamını bir sıra sürprizlər gözləyir, belə ki, tədbirdə xüsusi olaraq uşaqlar üçün sehrbazın çıxışı və müxtəlif şoular təşkil olunacaq. Festival yerli və Avropadan dəvət olunmuş estrada ulduzlarının möhtəşəm konsert proqramı ilə yekunlaşacaqdır. Festivalın proqramı ilə tanış olmaq üçün sosial şəbəkələrdəki səhifələrimizi izləyin.
Beləliklə, öz ailə üzvləriniz ilə birlikdə əylənmək, xoş təəssüratlar, eləcə də yeni dostlar qazanmaq istəyən hər bir kəs Milli Dənizkənarı Parkda keçiriləcək “Avropa Şəhərciyi 2018” festivalına qonaq ola bilər. Avropa İttifaqını təmsil edən qonşularımızla görüşmək üçün “Avropa Şəhərciyi 2018” festivalına tələsin!
© Copyright EuroVillage 2014 - 2019.